Bakının Xətai rayonunda Xocalı faciəsi zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsinə abidə ucaldılıb. Abidədə Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdıran yeganə kadrları çəkən reportyor Çingiz Mustafayevin barelyefi də qoyulub. İndi həmin kadrlar əsl həqiqətləri göstərmək üçün əlimizdə olan yeganə sübutdur. 

Bu günlərdə isə eşitdik ki, Milli Qəhrəman Çingiz Mustafayevin kiçik qardaşı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Şəkidə Xocalı soyqırımına həsr olunmuş film çəkir. Elə bu filmin sorağı ilə üz tutduq Şəkiyə. Məlum oldu ki, filmin çəkilişləri Şəkinin mərkəzindən təxminən 25-30 km aralıda yerləşən Bideyiz kəndində aparılır. Çəkiliş meydançasına çatanda artıq hava qaralmışdı. Ağır çəkilişlərdən bir qədər yorulmuş görünən Vahid Mustafayevin bizi görüncə əhvalı dəyişdi. Filmin ssenari müəllifi və rejissoru ilə söhbətimiz elə çəkiliş meydançasında baş tutdu...

Bu dəmdə partlayış baş verdi. Divarda Ayaz Mütəllibovun portreti asılmış kabinet alt-üstü oldu. Azərbaycan bayrağı yerə düşür, amma A. Mütəllibovun portreti yerindən tərpənmir... 

-"Bu səhnə simvolik xarakter daşıyır və bu səhnələr filmdə çox olacaq", deyə V. Mustafayev maraqlı baxışlarımızdan sualımızı üzümdən oxuyub cavab verdi. 

Rejissorla söhbətimiz zamanı məlum oldu ki, film “Xoca” adlanacaq. Həm 10 bölümdən ibarət serial, həm də 100 dəqiqəlik bədii film şəklində çəkilir. 

Çingizin çəkdiyi andan bütün vaxtı geriyə çəkirik 

Vahid Mustafayev "Çingiz Mustafayev Xocalı həqiqətlərini çəkmişdi. İnsanların, qocaların, uşaqların vəhşicəsinə qətlə yetirilmiş meyitlərini artıq görmüşük. Bəs siz nəyi göstərəcəksiniz?" sualımızı belə cavablandırdı:

“İş orasındadır ki, artıq Çingiz Mustafayevin çəkdiyi kadrları bu gün hər bir azərbaycanlı tanıyır. Amma Çingiz hadisə yerinə getməmişdən əvvəl nələr baş verib, biz bunu görməmişik. Mən məhz Çingizin çəkdiklərinə qədər olan hadisələri nümayiş etdirməyi özümə borc bilirəm. Çünki, ondan sonra baş verənləri artıq Çingiz bizə miras qoyub. Həmin hadisələri yenidən canlandırmağın məncə heç bir mənası yoxdur. Ona görə də, biz Çingizin lentə aldığı andan bütün vaxtı geriyə çəkirik və baş verən hadisələri içəridən - Xocalıdan göstəririk".

-Bəs, filmin adı niyə "Xoca" olacaq?
-“Xoca” adı öyrətmək mənası daşıyır Yəqin o vaxt xocamız olsaydı, belə faciə olmazdı. 

-Çəkilişlər niyə mıhz Şəkidə aparılır? Bundan əvvəl də "Yaddaş" filminin çəkilişləri məhz burada olmuşdu.
-Filmin çəkilişləri 2 yerdə, Bakıda və Şəkinin Bideyiz kəndində aparılır. Şəkini ona görə seçdik ki, bura coğrafi və təbiət nöqteyi-nəzərindən Xocalıya çox yaxındır. Bu barədə Xocalıdan, bu bəladan qaçıb özünü xilas edən insanlarla məsləhətləşmələr zamanı qənaətə gəlinib. Filmdə o dövrdə hakimiyyətin xalqın bəlasına etinasız yanaşmasından da bəhs ediləcək. Cavan aktyor heyətindən də istifadə ediləcək. 

Çəkilişə bir aydır başlanılıb. Filmin hazırlıq dövrü 6 ay olub. Əgər hava şəraiti və digər amillər imkan verərsə, filmin çəkilişlərinin bir ay da davam edəcəyi planlaşdırılır. Artıq müəyyən seriyalar, 2-3 bölüm çəkilib.

-Gələn il Xocalı hadisəsinin üstündən 20 il keçir.
-Sözsüz ki, biz də 26 fevrala qədər bu filmi hazırlayıb tamaşaçılara çatdırmalıyıq. Havanın soyuq olmasına baxmayaraq çalışırıq ki, o vaxta qədər filmi tam hazırlayaq.

-Bəs, süjet xətti necədir? Hansısa konkret insanların həyat hekayəsi işıqlandırılacaqmı?
-Əsas süjet xətti 2 sevən ürəyin faciəsidir. Bu insanlar öz toylarına hazırlaşırlar. Lakin qəhrəman xanım Bakıda öz sevgilisini gözləyir. O isə Xocalıda döyüşə hazırlaşır. İş orasındadır ki, onların toyu 26 fevral günü olmalıydı və Xocalı faciəsinə görə o, toya gələ bilmir. Hadisələr bundan əvvəl və bundan sonra cərəyan edir. Bz filmdə görəcəyik ki, hansı çirkin hadisələr bu sevən ürəkləri bir-birindən uzaq qoyur. 

-Çəkilişlər üçün xarici mütəxəssislər dəvət olunub?
-İran İslam Respublikasından haradasa 20 nəfər çəkiliş qrupu dəvət olunub. Onlar çox peşəkardırlar. Filmin prodüsseri isə "Bakıfilm"in baş direktoru Vaqif Əsədullayev, rəssamı Məcid Əlislam, geyim rəssamı Vinus Əbuzəri, baş operator Afşin Əlizadə, səs rejissoru Kia Nersi, qrim ustası Sadıx Molayi, protexnika işlərinə məsul Əzim Mühəmmədi, proqramlaşma direktoru Cahan İmani və digər əməkdaşlar filmdə böyük zəhmət çəkir.

-Bəs, azərbaycanlı mütəxəssislər?
-Çəkiliş qrupunda Azərbaycandan olan peşəkarlar da var. Onlara təşəkkür edirəm. Doğrudan da, insanlar çalışır, can qoyurlar, əllərindən gələni edirlər və hər kəs öz zəhmətini Xocalı şəhidlərinə halal edir. Çalışırıq ki, bu film gələcək nəsillər üçün bir dərslik şəklində də nümayiş edilsin.

-Deməli, əsas məramınız gələcək nəsillərə tarixi göstərməkdir.
-Bəli. Biz təbliğat filmi çəkmirik. Bu film məhəbbət, gözəllik və onu dağıdan amillər haqqındadır. Biz istəyirik ki, tamaşaçıya real, mövcud vəziyyəti göstərək. Bu hadisə doğrudan da çox acınacaqlı və dəhşətli hadisədir. Mənim borcum odur ki, bildiklərimi, gördüklərimi insanlara çatdırım. 

-Sizcə, film necə qarşılanacaq? 
-Çox dəhşətli kino olacaq. “Yaddaş” filminə baxan camaat zaldan çıxanda ağlayırdı, “Xoca” filmi isə lap dəhşətli olacaq.

-Ən yeni tariximiz haqqında çox az yazılıb. Siz filmin çəkilişlərinə necə hazırlaşdınız, məlumatları haradan əldə etdiniz?
-6 ay hazırlıq dövrü ərzində nəinki Azərbaycan mənbələri, eyni zamanda erməni və Rusiya mənbələri də araşdırılıb. Hətta PDM-də (Piyadaların Döyüş Maşını) oturan rus əsgərinin adına qədər, kimin hücumda iştirak etdiyi dəqiqliyi ilə göstəriləcək. Soyqırımda iştirak emtiş bütün erməni komandirləri öz adları ilə qeyd ediləcək. Xocalıya hücumda istifadə edilən PDM-in kodlarına qədər - “Jenya”, “Sergey”, “Sambat” və s. qeyd ediləcək. Məhz ona görə də, deyirəm ki, gələcəkdə bundan tarixi dərslik kimi istifadə edilə bilər.

-Partlayış, döyüş və s. effektləri yaratmaq çətin deyil ki?
-Xocalı hücumunda və müdafiəsində istifadə edilən bütün hərbi sursatlar və ağır texnika, filmdə dəqiqliyilə öz əksini tapacaq. Bundan başqa, filmdə Milli Ordunun N saylı hərbi hissəsinin əsgərləri və silahlarından da istifadə edilir. Partlayış səhnələri isə tamaşaçıda əsl partlayış təəssüratı yaradacaq.

Ən əsası filmdə Xocalıya hücumun dəqiq xəritəsi nümayiş etdiriləcək. Xəritənin üstündə rus dilində yazılıb: “Plan osvobojdeniya Xodjalı”.

Çəkilişlərə öncə şirkətin maliyyə hesabına başladıqlarını deyən Vahid Mustafayev sonradan dövlət rəhbərinin filmin çəkilişlərinə böyük dəstək olduğunu bildirdi.

“Bilmirdik ki, prezident bizə kömək edəcək. Fürsətdən istifadə edib prezident İlham Əliyevə öz təşəkkürümü bildirmək istəyirəm. Ümumiyyətlə, cənab prezident "Bakıfilm" Kinostudiyasının bütün məhsullarına dəstək olub. Bu dəfə də yardım etdi ki, bu filmi daha da gözəl çəkə bilək. Mən həm də, bütün çəkiliş qrupuna, aktyorlara, çəkilişlərdə zəhməti keçən bütün insanlara, valideynlərimizə, bacı-qardaşlarımıza minnətdarlığımı bildirirəm”, - deyə Vahid Mustafayev sonda vurğuladı.

Qeyd edək ki, tamaşaçılar “Xoca” filminə kinoteatrlarda baxa biləcək. Fevralın 26-dan ANS TV-də “Xoca” serialının yayımlanması da planlaşdırılıb. Film həmçinin dünyada keçirilən kinofestivallara təqdim olunacaq.

V. Mustafayevlə ayaqüstü söhbətimiz bitdi, çünki onu artıq gecə olmasına baxmayaraq gərgin çəkilişlər gözləyirdi. Rejissor artıq filmdə çəkiləcək əsgərlərə nə etməli olduqlarını izah etməyə başlamışdı.